SƏYYAR TİCARƏT

QOŞQUSU

 

 

 

                                                                                                                                

 

 

 

            Dövlət müstəqilliyimiz əldə olunduqdan sonra başqa sahələrlə yanaşı  ölkəmizin aqrar sektorunda da geniş miqyaslı islahatlar aparıldı.

            Kəndli öz torpağının sahibinə çevrildi və həmin pay torpağında onlar bazar iqtisadiyyatı şəraitində istənilən növ kənd  təsərrüfatı məhsulu istehsal edib, onun müəyyən hissəsini bazara satışa çıxara bilir.

            Fermerin satışa çıxardığı məhsulun sahədən ambara, ambardan bazara və yaxud sahədən bir başa bazara daşınması zamanı məhsulun əmtəə keyfiyyətinin itməməsi, əzilməməsi, tozlanmaması, eləcə də daşınmanın səmərəliliyinin yaxşılaşdırılması  məqsədilə Azərbaycan Elmi Tətqiqat «Aqromexanika» İnstitutu tərəfindən Respublika Kənd Təsərrüfatı Nazirliyinə təqdim olunmuş layihə əsasında səyyar ticarət qoşqusu hazırlanmışdır. Qoşquya Azərbaycan Respublikası Standartlaşdırma, Metrolo-giya və Patent üzrə Dövlət Komitəsi tərəfindən 2008-ci ildə patent alınmışdır (patent       ¹ a 20010245).

            Qoşqunun köməkliyi ilə istənilən növ kənd təsərrüfat məhsullarını (meyvə, tərəvəz və bostan məhsulları, üzüm, ət və süd məhsulları, yumurta, çörək və s.) daşımaq və onların satışını yerinə yetirmək mümkündür.

            Qoşqu xüsusi çərçivə üzərində yığılmış 25 ədəd bölmədən ibarət olan qapalı, kip metal qəfəsdən ibarət olub, bir oxludur. Nəql etmə zamanı yaranan silkələnmələrin  və bununla da daşınacaq məhsulların  zədələnməsinin, əzilməsinin qarşısının alınması üçün qoşqunun oxu iki ədəd rezin  pnevmatik təkər, amortizator və ressorlarla təchiz olunmuşdur.

            Qəfəsdəki hər bir bölməyə iki ədəd 10-12 kq-lıq tutumu olan standart tara yerləşdirmək mümkündür. Məhsulun xüsusi çəkisindən asılı olaraq qoşqunun yükgötürmə  qabiliyyəti 500-600 kq hüdudunda dəyişilə bilir. Qoşqunun sağ tərəfində 2 ədəd qapı qondarılmışdır. Qapılardan biri, əsas qapı nisbətən böyük olmaqla arxa tərəfdə yerləşərək yuxarıya doğru açılır və hər iki tərəfdən çubuq dayaqların köməkliyi ilə qoşqunun stasionar vəziyyətində üfiqi halda saxlanılır.Qapının bu vəziyyəti həmçinin satıcını yağışdan və günəş şüasından qoruyur.Sağ qabaq tərəfdə qondarılan əlavə qapı isə sağa doğru açılır.

            Qoşqunun qabaq alt hissəsində 1220X600X350 mm ölçüdə xüsusi qapaqlı yeşik hazırlanmışdır.Buraya qoşqunun ehtiyyat təkəri , satıcı üçün açılıb yığıla  bilən qabaq stolu , stul, tərəzi və s. yerləşdirilir.Bundan əlavə qoşquda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə müvafiq işıqlandırma (sağa və sola dönmə, tormoz, qabariti bildirən) sistemi qondarılmış, həmçinin arxa tərəfdə nömrə nişanını bərkitmək üçün yer nəzərdə tutulmuşdur.

Qoşqunun işıqlandırma və hidravliki tormoz sistemi  bir başa qoşulduğu yüngül nəqliyyat vasitəsindən sinxron olaraq işə salınır.

            Qoşqu traktora qoşulduqda onun təkərlərinin hidravliki tormozlanmasına ehtiyac yoxdur.

Qoşqunun qoşqu hissəsi nizamlana bilən (yer səthindən olan hündürlüyü) formada hazırlandığından  onu bir çox nəqliyyat vasitəsinə (Jiquli , Niva, QAZ-24 markalı avtomobillərə və ya yüngül təkərli traktorlara ) qoşmaq mümkündür.

Qoşqudan  istifadə qaydası aşağı- dakı kimidir:

Qoşqu nəqliyyat vasitəsinə qoşulduqdan sonra onun işıqlandırma və tormoz sistemi qoşulduğu nəqliyyat vasitəsilə  əlaqə-ləndirilir.

            Qoşqunun  qabarit  ölçüləri  məhsul yığımı zamanı meyvə  və üzüm bağlarında cərgə arasında sərbəst hərəkət etməyə imkan verir.Bostan və tərəvəz məhsulu yığımında isə qoşqu müəyyən təyin olunmuş  yerlərdə dayanaraq yüklənir. Yığılmış məhsul ambara və yaxud  bir başa bazara satışa göndərilir.

            Məhsulun bazarda satışı zamanı  qoşqu lazımi yerdə  dayandırılaraq əsas və əlavə qapılar açılır, əsas qapı yuxarı qaldırılaraq dayaqların köməkliyi ilə üfiqi-işçi vəziyyətinə gətirilir.Satıcı üçün lazım olan əşyalar  (qabaq stolu, stul, tərəzi) ehtiyyat yeşiyindən çıxarılır.Satış stolunun bir tərəfindəki iki ədəd çıxıntı qoşqunun arxa sağ tərəfindəki deşiklərə geydirilir, digər tərəfindəki dayaq isə üfiqi vəziyyətdən şaquli vəziyyətə gətirilərək  döşəməyə söykənilir və satıcı alış-verişini edir.

Qoşqu səyyar tipli olduğundan fermer  məhsulun qalıq hissəsini  yaşayış məntəqəsinin digər nəzərdə tutulmuş yerində asanlıqla aparıb sata bilər.

            Qoşqunun xarici görünüşü dizayner tərəfindən işlənilmişdir.

Qoşqunun texniki-istismar göstəriciləri:

1.         Qabarit  ölçüləri, mm

uzunluğu - 3420

hündürlüyü - 1960

eni - 1700

2.         Yüksüz çəkisi - 720 kq

3.         Yükgötürmə

qabiliyyəti - 500-600 kq

4.Hərəkət sürəti - 60 km/saat-a qədər

5.Qoşqu nəqliyyat və qoşqu vasitələrinə qoyulan tələblərə tam cavab verir.

 

 

 

Tərtib etdi:

K.H.Fətəliyev

E.A.Paşayev

İ.O.Məmmədov

N.M.Orucov

K.H.Yaqubov

 

 

 

 

 

 

 

 

 

KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ  YANINDA KƏND TƏSƏRRÜFATI

KREDİTLƏRİ ÜZRƏ DÖVLƏT AGENTLİYİ

 

Gəncə Biznes Qrup

 

İKİNCİ KƏND TƏSƏRRÜFATININ İNKİŞAFI VƏ KREDİTLƏŞMƏSİ  LAYİHƏSİ

 

Dünya Bankının vəsaiti ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi

tərəfindən maliyyələşdirilir

 

Ünvan: Az 2000, Gəncə şəhəri, Atatürk pr. 258, GBG

 

Tel:    (022) 56 59 01

Faks: (022) 56 59 01

E-Mail: g_gbg_grmm@azeurotel.com

 

APREL

__________________________________

 

Tiraj: 11740 ədəd

 

 

G Ə N C Ə  2 0 0 9