GRMM-in strukturu   Xəbərlər   Bizim hesabatlar Alqı-satqı güşəsi Bazar qiymətləri   Monitorinq   Linklər
Əsas heyət haqqında ÖM-lər haqqında Nəşr olunmuş materillar   XMQ-lər haqqında Foto arxiv Xidmətlərin qiymətləri Sual-cavab

Ana səhifə                                                                                                                                                                                    AZ  EN

 

XƏBƏRLƏR GUŞƏSİ

                                                 

                                               İyul ayında görüləcək işlər

            ƏKINÇILIKDƏ

Aran rayonlarında ayın birinci yarısında, dağ və dağətəyi zonalarda isə ayın axırınadək payızlıq dənli və dənli paxlalıların (noxudun, mərciməyin və lərgənin) yığılması qurtarır. Kövşənliyə əkilmiş qarğıdalı və başqa bitkilərə kultivasiya çəkilməsi, yemləmə gübrəsi verilməsi, suvarılması davam etdirilir. Payızlıq bitki altından çıxan sahələrdə yaşıl kütlə üçün qarğıdalı və başqa bitkilərin səpini, suvarılması başa çatdırılır. Toxumluq qarğıdalı sahələrində qarğıdalı sovkasına, çəmən və gövdə kəpənəklərinə qarşı çiləmə aparılır.

            Tez və ortayetişən yazlıq qarğıdalı sahələri süd-mum yetişkənliyi dövründə silos və yaşıl yem üçün yığılır. Ayın birinci yarısında toxumluq məqsədilə əkilmiş hibrid qarğıdalı sahələrində ana bitkilərdən süpürgələrin qırılıb atılması başa çatdırılır. Növbəli əkin layihələrinə əsasən, payızlıq bitkilər əkiləcək, sahələr şumlanır. Sahələrdən küləş yığılıb daşınır, kənardan tayalanır, heriklər becərilir. Günəbaxan və başqa yağlı bitkilər məhsulunun yığılmasına başlanır. Dənli, dənli-paxlalı və yağlı bitkilərdən sığorta, toxum, yem fondları ayrılır. Payızlıq bitki toxumlarının hazırlanması davam etdirilir. Toxumlar təkrar təmizlənir, onun keyfiyyəti yoxlanır.

Qarğıdalı sahələri nəzərdən keçirilir. Bərk sürməyə tutulmuş bitkilər yığılıb yandırılır. Taxıl anbarları bir daha yoxlanılır, lazım gələrsə zərərsizləşdirmə tədbirləri görülür. Toxumu dərmanlamaq üçün kimyəvi maddələr və lazımi preparatlar əldə edilir.

 

            HEYVANDARLIQDA

 

İyul ilin ən isti vaxtlarındandır. Bu ayda heyvanların yemləndirilməsində yaşıl otdan çox istifadə olunur. Yaşıl yemlərdə natrium çatışmır. Kaliumun çoxluğu isə maddələr mübadiləsində pozğunluqlar yaradır. Buna görə də yaşıl otla yemləmə zamanı bütün heyvanlara duz verilir. Cavan mal-qaranın bəslənilməsinin və kökəldilməsinin gedişi yoxlanılır. Dölsüz heyvanlar müəyyənləşdirilir və qısır heyvanlara həvəsgətirici estrofon və enzaprost vurulur.  Normal mikroiqlim yaratmaq üçün tövlələr tez-tez təmizlənir. Hər 20 gündən bir divarlar çöl və iç tərəfdən əhənglə ağardırılır. Heyvanlar ancaq günün sərin vaxtı gəzintiyə buraxılır. Günəş altında saxlanan inəklərin bədənində istilik 0,5-0,90 yüksəlir, tənəffüsü çətinləşir. Belə inəklərin süd məhsuldarlığı 10-15% aşağı düşür. Yayda talvar altında saxlamaq ən yaxşı üsuldur.

ÜZÜMÇÜLÜKDƏ

  • Cərgə araları kultivasiya olunur.

  • Suvarma üçün şırımlar açılır.

  • Suvarma aparılır.

  • Cərgələrdə alaqlar təmizlənir.

  • Yaşıl budama aparılır.

Avqustda görüləcək işlər

ƏKİNÇİLİKDƏ

Avqustda dağ zonalarında payızlıq bitkilər üçün şumun hazırlanması başa çatdırılır, aran və dağ ətəyi zonalarında təmiz bitkili heriklər becərilir. Gövşənliyə əkilmiş bitkilərə kultivasiya çəkilir, yemləmə gübrəsi verilir, suvarılır. Çəltik yığımı davam etdirilir, məhsul döyülüb qurudulur. Sığorta, yem və toxum fondları ayrılır, toxumun dərmanlanması qurtarır.

            Aran və dağətəyi zonalarda gecyetişən qarğıdalı sortlarının dən üçün ayrılması, həmçinin günəbaxanın lobyanın və başqa paxlalıların yığılması davam etdirilir.

            Dağ zonalarında sahələrə mineral gübrələrin daşınmasına, ayın ikinci yarısında torpağın səpinqabağı becərilməsinə, peyinin və mineral gübrələrin işlədilməsinə, toxumun dərmanlanmasına, payızlıq bitkilərin səpilməsinə, aranda isə (ayın axırında) payızlıq bitkilər üçün sahələrin arat olunmasına başlanır.

            Muğan, Mil düzü rayonlarında və şoranlaşmış başqa torpaqlarda sahələr yuyulur.

            Qarğıdalı əkinlərində bərk sürmə xəstəliyinə və pambıq sovkasına qarşı mübarizə davam etdirilir. Bitki orqanlarında müşahidə edilən bərk sürmə qovuqları qoparılır, kənar sahələrdə torpağa basdırılır.

            HEYVANDARLIQDA

            Yayın axırıncı ayı avqustda yemlik əkin sahələrində yaşıl ot azalır. Heyvanların məhsuldarlığında dəyişikliklər əmələ gəlir. Yaşıl yem ehtiyatından ancaq sağlam inəklər üçün istifadə edilir. Mal-qaranın yem payına vaxta uyğun olaraq maddələrinə olan gündəlik ehtiyac tam ödənilir. Yem payı ayda 2 dəfə dəyişdirilir.

            18-20 aylıq mayalanmamış dişi danalar və doğumundan 60 gün keçib dölsüz qalan inəklər müəyyənləşdirilir və tədbir görülür. Silos basdırma işləri sürətləndirilir. Qarğıdalı, günəbaxan, arpa, vələmir, çovdar və noxud tez siloslaşır. Nəmliyi 85% olan qarğıdalı kütləsinə 15%, 80% olanda isə 10% doğranmış küləş əlavə edilir.

            Mal-qaranı dekabr-yanvar aylarında yaşıl yemlə təmin etmək üçün silos əkilir. Hər 100 inəyə 1 hektar raps sahəsi tələb olunur. Qaba və yarımqaba yunlu qoyunlar və faraş döl zamanı alınan quzular (toğlular) qırxılır. Qoyunçuluqda fevral-mart aylarında bala almaq üçün doğar qoyunlar mayalandırılır. İşin səmərəli təşkili və kütləvi doğum almaq üçün 10-15 gün hər qoyuna 400-500 qram əlavə əlavə qüvvəli yem verilir. Qoyunlar 30-40 gün müddətində mayalanır. Döllənməyən qoyunları mayalamaq üçün sürüyə hər 20-25 qoyuna bir qoç hesabı ilə 25-30 gün qoç qatılır. Boğaz qoyun sürülərinə xüsusi qayğı göstərilir. Süni mayalama  və əl üsulu qoyunçuluqda ən sərfəli üsul hesab edilir. Ətlik üçün ayrılmış qoyunlar intensiv kökəldilir.

            Təsərrüfatlara qaba və yarımqaba yunlu qoyunlar və faraş quzular qırxılır. Qırxılmış qoyunlar 2-3 gün nəzarət altında saxlanılır, profilaktiki və müalicəvi çimizdirmə aparılır. Qoyunlar günvurmadan və soyuqlamadan qorunur.

             Quşçuluqda toyuqların tükünün dəyişməsi başlayır. Yumurta məhsuldarlığı azalır. Alınmış yumurtalar isə saxlanmağa olduqca yararlı olur. Tükdəyişmə zamanı toyuqlar iştahadan düşür, arıqlayır, nəmliyə həssas olur, tez xəstələnir. Sırğaları ağaran toyuqlar çıqdaş edilir. Tükdəyişməni xoruzlar çətin keçirir, cavan və sağlam toyuqlar isə buna daha dözümlü olur. Bu prosses iki ay davam edir. Onu sürətləndirmək üçün toyuqlara ciddi qulluq göstərilir, göyərdilmiş taxıl, süd, üzsüz süd, bişirilmiş yararsız ət, kələm və kök verilir. 15-16 saat qaranlıq yerdə saxlanılır. Belə toyuqlar tez yumurtlayırlar.

            BAĞÇILIQDA

            Avqustda barverən ağaclara dəstək vurulması davam etdirilir. Yaylıq alma, armud, gecyetişən gavalı və şaftalı sortları meyvəsinin dərilməsi, yerə tökülənlərin yararlılarının yığılması və emalı davam etdirilir. Yay sortlarının meyvəsi yığılıb qurtaran kimi onların dəstəklədikləri götürülür. Cavan bağların cərgələrarasında becərmə və suvarma işləri davam etdirilir.

            Tinglikdəki calaqlar calanır və calaq tutanların sarğısı boşaldılır, tutmamış calaqlar təkrar edilir.

            Nar bağlarında bağlar suvarılır və suvarmadan 2-3 gün sonra cərgələrarası disklənir.

ÜZÜMÇÜLÜKDƏ

  • Yaşıl budama davam etdirilir.

  • Cərgəarası becərmə aparılır.

  • Əgər giləqurdu varsa, ona qarşı kimyəvi mübarizə aparılır.

  • Sahənin kənarındakı yollar təmizlənir.

  • Sahə yığım üçün hazırlanır.

 

           

 

 

 

 

     

Tərtib etdi: Nuranə Qəmbərova Elman qızı